Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulov: “Bələdiyyələrdə sənədlərin mühafizəsi lazımi səviyyədə təşkil edilmir"

 Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulovun "Bələdiyyə Xəbərləri (belediyye.info) saytına müsahibəsi

 

Ölkəmizdə formalaşan 1607 bələdiyyədə arxiv işinin təşkili sözün həqiqi mənasında ciddi bir məsələ hesab olunmalıdır. Bu istiqamətdə müəyyən işlərin görülməsinə, normativ-hüquqi sənədlər toplusunun hazırlanaraq təsdiq edilməsinə baxmayaraq problemlər qalmaqdadır.

Məhz Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin rəisi, dəyərli ziyalımız Əsgər Rəsulova ünvanladığımız suallar da məhz qeyd edilən məsələlərə aydınlıq gətirmək məqsədi daşıyır.

 

-  Bu gün bələdiyyələrdə də arxiv işinin hüquqi müstəvidə təşkili barədə nə demək olar?

- Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyev 1999-cu il 2 iyul tarixində “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununu imzalamış və həmin ilin dekabrında ölkəmizdə ilk dəfə yerli özünüidarəetmə orqanı olan bələdiyyələrə seçkilər keçirilmiş və bələdiyyələr formalaşdırılmışdır.

Milli Arxiv İdarəsi yerli özünüidarəetmə orqanı kimi təşkil edilən bələdiyyələrə fəaliyyətə başladıqları ilk dövrdən arxiv işi sahəsində zəruri hüquqi və metodiki yardım göstərilməsini təmin etmişdir. Respublikamızın ərazisində yaradılan bələdiyyələr Milli arxiv fondunun komplektləşdirmə mənbəyi olan təşkilatların siyahısına daxil edilmiş, yerləşdiyi ərazidən asılı olaraq dövlət arxivləri onlara qanunvericilikdə müəyyən olunmuş qaydada arxiv işinin təşkili ilə bağlı elmi-metodiki köməklik göstərməyə başlamışdır.

Milli Arxiv İdarəsi və Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzi “Bələdiyyələrdə arxiv işinin təşkili barədə” metodiki göstəriş hazırlamış və hər iki qurumun rəhbərləri tərəfindən 2012-ci il 12 mart tarixində imzalanaraq işdə tətbiqinə başlanılmışdır.

Milli Arxiv İdarəsi Kollegiyasının 12 iyun 2017-ci il tarixli 5 NQ-Iİ Qərarı ilə “Dövlət və bələdiyyə orqanlarında, idarə, təşkilat və müəssisələrdə arxiv işinin təşkilinə dair Təlimat” təsdiq edilərək Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmişdir. Bu Təlimat dövlət arxiv təşkilatları tərəfindən yerlərə çatdırılmış və Arxiv idarəsinin internet resursunda yerləşdirilmişdir.

Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzi tərəfindən təşkil olunmuş seminar- müşavirələrdə arxiv işçiləri sahə ilə bağlı məruzələrlə çıxışlar etmişlər. Bütün qeyd olunanlar bələdiyyə qulluqçularının arxiv işi ilə bağlı maarifləndirilməsinə xidmət etmişdir.

-   Bəs hazırda bu istiqamətdə real vəziyyəti necə qiymətləndirirsiniz?

- Bu gün dövlət arxiv xidməti təşkilatları bələdiyyə qurumlarına bələdiyyələrin fəaliyyəti nəticəsində yaranan arxiv sənədlərinin elmi-texniki cəhətdən qaydaya salınması sahəsində xidmət göstərir, həmçinin ““Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə müvafiq olaraq yerli özünüidarəetmə orqanlarının Milli Arxiv fonduna məxsus elmi, tarixi və əməli əhəmiyyətə malik sənədlərinin dövlət mühafizəsinə qəbulunu həyata keçirirlər. Real vəziyyət heç də bizim istədiyimiz və qanunvericiliklə müəyyən olunmuş səviyyədə deyildir. Dövlət arxivləri yalnız sənədlər idarə və təşkilatların, o cümlədən bələdiyyələrin arxivinə daxil   olduqdan sonra nəzarət etmək hüququna malikdirlər.

Sənədlər isə qurumun kargüzarlığında yaranır. Bir çox hallarda bələdiyyə orqanlarında çalışan qulluqçuların sənədlərlə iş sahəsindəki bilik və bacarıqları, peşəkarlıq səviyyəsi lazımi tələblərə cavab vermədiyi üçün hazırlanan sənədlər, onların tərtibatı, sistemləşdirilməsi, işlərin formalaşdırılması “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair “Təlimata” və “Dövlət və bələdiyyə orqanlarında, idarə, təşkilat və müəssisələrdə arxiv işinin təşkilinə dair Təlimafda müəyyən olunmuş norma və qaydalara uyğun aparılmır.

Bələdiyyələrdə sənədlərin mühafizəsi üçün ayrıca otaqlar, arxivçi ştatı yaradılmır. Nəticədə sənədlər pərakəndə şəkildə struktur bölmələrdə saxlanılır, onların uçotu və mühafizəsi lazımi səviyyədə təşkil edilmir.  Bu cür hallar dövlət arxiv siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı olaraq bizi narahat edir.

-  Bələdiyyə sahəsində arxiv işinin təşkili Sizi qane edirmi?

-  Qeyd olunduğu kimi, bələdiyyələrdə arxiv işinin təşkilinin bu günki səviyyəsi bizi tam qane etmir. Qüvvədə olan normativ-hüquqi sənədlər hər bir bələdiyyə qurumunda arxiv sənədlərinin saxlanılması üçün arxiv mühafizəxanalarının təşkilini, ştatlı arxiv işçisinin olmasını. Milli arxiv fonduna məxsus arxiv sənədlərinin 5 il bitdikdən sonra daimi dövlət mühafizəsinə təhvil verilməsini tələb edir. Lakin bu gün bələdiyyələrin çox az qismində arxiv sənədlərinin saxlanılması üçün qeyd olunan şərait yaradılıb. Nəticədə sənədlər arxiv təşkilatlarının nəzarətindən kənarda qalır və bəzən bu sahəyə məsul şəxslərin laqeydliyi və yaxud bilərəkdən sənədlərin itirilməsinə yol açır. Bu da hüquq müəyyənedici sənədlər almaq üçün dövlət arxivlərinə müraciət edən şəxslərin haqlı narazılıqlarına səbəb olur.

Bələdiyyələrdə arxiv işinin təşkilində nə kimi yeniliklər gözlənilir və Milli Arxiv idarəsi olaraq nəyi planlaşdırırsınız?

-  Milli Arxiv idarəsi olaraq biz bu gün yalnız bələdiyyələrin yox, digər dövlət və qeyri-dövlət təşkilatlarının fəaliyyətləri nəticəsində yaranan sənədlərin dövlət arxivlərində komplektləşdirilməsi, mühafizəsi və istifadəsi sahəsində işin müasir dövrün tələblərinə uyğun təşkilinə, habelə əhaliyə göstərilən arxiv xidmətlərinin səviyyəsinin daim yüksəldilməklə vətəndaş məmnunluğunun təmin edilməsinə çalışırıq.

İlk növbədə bu sahədə mövcud olan qanunvericilik bazasının təkmilləşdirilməsi nəzərdə tutulur. Xüsusi ilə dövlət və bələdiyyə orqanlarında, idarə və təşkilatlarda arxiv işi sahəsində qanunvericilik aktlarının pozulması hallarına görə məsuliyyət növlərini müəyyən edən normaların hazırlanması istiqamətində işlər aparılır. Hər il Milli Arxiv İdarəsinin tabeliyində olan arxiv təşkilatları tərəfindən komplektləşdirmə mənbəyi olan təşkilatların arxiv işinə məsul şəxslərinin maarifləndirilməsi və peşə hazırlığının artırılması üçün seminarlar təşkil edilir və hazırda bu işlərin daha geniş müstəvidə aparılması üçün tədbirlər görülür. Bələdiyyə qurumlarında arxiv işinin təşkili vəziyyətinin öyrənilməsi və nəzarətin gücləndirilməsi üçün yoxlama baxışların intensivləşdirilməsi təmin olunur.

Milli Arxiv idarəsi bələdiyyə qurumlarına arxiv işinin təşkili sahəsində hərtərəfli yardım etmək üçün bu sahədə çalışan bütün qurumlarla, o cümlədən ayrı-ayrı bələdiyyələrlə əməkdaşlıq etməyə daim hazırdır.

 

Müsahibə ilə həmçinin BURADAN tanış ola bilərsiniz. 

 


DİGƏR XƏBƏRLƏR



Bugün: 90
Dünən: 441
Bu həftə: 2254
Son həftə: 3202
Bu Ay: 6590
Son Ay: 9622
Bu İl: 93858
Ümumi: 95620
95620