Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Əməkdar incəsənət xadimi, görkəmli tarzən Mənsur Mənsurovun 130 illik yubileyinə həsr olunmuş virtual sərgi istifadəçilərin ixtiyarına verilmişdir. 

 Mirzə Mənsur musiqi tariximizdə həm gözəl tar müəllimi, həm də muğamların mahir bilicisi kimi tanınır. Son dərəcə sadə, təvazökar və şair ürəkli sənətkar Mirzə Mənsur 60 il musiqi sənəti ilə məşğul olmuşdur.

Mənsur Məşədi Məlik oğlu Mənsurov 1887-ci ildə Bakı şəhərində döğulmuşdur. Valideynləri 11 yaşlı Mənsuru oxutmaq niyyəti ilə mədrəsəyə qoyurlar. Burada o, fars dilini mükəmməl öyrənir. Lakin kiçik yaşlarından musiqi Mənsurun qəlbini fəth etmiş, sehrləmişdi.

Bir gün dərs zamanı Mənsur taxta parçasını tar kimi tutub, ağzında “Uzundərə” havasını yamsıladığına görə molla onu falaqqaya saldırmışdı. Bu hadisədən sonra Mənsur mədrəsədən qaçır və bir daha geri qayıtmır. Həmin vaxtdan Mənsur taleyini musiqiyə bağlayır. Əlbəttə, bu təsadüfi deyildi. Atası Məşədi Məlik musiqi aləmi ilə sıx bağlı olmuşdu. Mənsur kiçik yaşlarından atasının tar, kamança, tütək, böyük qardaşı Məşədi Süleymanın tar, anası Soltan bəyimin isə saz çaldığını görmüşdü. Belə bir mühitdə böyüyən Mənsurun musiqiyə coşqun həvəsi təbii idi.

         Qocaman tarzənin də öz xatirələrində bildirdiyi kimi onun ilk tar müəllimi Mirzə Fərəc(1847-1927) olmuşdur. Mirzə Mənsur peşəkar bir tarzən kimi musiqi məclislərində, teatr tamaşalarında və “Şərq konsertləri”ndə çıxış etməmişdi. Lakin  o, el şənliklərində həvəskar xanəndə olan tacir Ağa Səidoğlu Kəblə Ağabalanı tarda müşayiət etmişdi.

1920-ci ildən sonra Mirzə Mənsur Şərq konservatoriyasında, 1923-cü ildə isə Üzeyir Hacıbəyovun təşkil etdiyi Azərbaycan Dövlət Türk Musiqi Məktəbində tar dərsi demişdir. 1926-cı ildə isə Mirzə Mənsur konservatoriyaya dəvət olunmuş və burada 20 il (1926-1946) müəllimlik etmişdir. O, bütün istedadını ortaya qoyaraq Üzeyir Hacıbəyova savadlı musiqi kadrlarının hazırlanmasında yaxından kömək etmişdir.

1934-cü ildə Üzeyir Hacıbəyovun Mirzə Mənsura verdiyi xasiyyətnamədə onun pedaqoji və musiqi fəaliyyətində hazırlıqlı mütəxəssis olduğu bildirilir.

Qeyd etmək lazımdır ki, Mirzə mahir ifaçı olmağı ilə yanaşı həm də bacarıqlı tar ustası idi. Məhz, o, tarın quruluşunda ciddi dəyişikliklər etməyə nail olmuşdu. Mirzə Mənsurun yeni quruluşda hazırladığı iki tar 1934-cü il Parisdə və İstanbulda incəsənət alətləri sərgisində müvəffəqiyyətlə nümayiş olunur.

Azərbaycanda bir çox istedadlı bəstəkarlar və musiqiçilər – Səid Rüstəmov, Əhsən Dadaşov, Ağabacı Rzayeva (Mirzə Fərəcin nəvəsi),Ənvər Mənsurov (Mirzə Mənsurun oğlu), Rəşid Əfəndiyev Mirzə Mənsurun yetirmələrindəndir.Mirzə Mənsur şair ürəkli sənətkar idi. Onun bir çox qəzəl və qoşmaları da var.

Qocaman tarzən Mənsur Mənsurov pedaqoji fəaliyyətinə və Azərbaycan musiqisinin tərəqqisində xidmətlərinə görə 1940-cı ildə Azərbaycan SSR “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülmüşdür.

Görkəmli tarzən və qayğıkeş müəllim Mirzə Mənsur 1967-ci ildə vəfat etmişdir.

          Mirzə Mənsurun sənəti ölməzdir. Onun verdiyi tövhələrmilli musiqi mədəniyyətimizin zəngin parçalarındandır. Bu baxımdan böyük ustadın həyat və fəaliyyəti hər daim tədqiqi vacibdir.

          Virtual sərgi Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin materialları əsasında Milli Arxiv İdarəsinin İnformasiya təminatı və elektron xidmətlər Mərkəzi tərəfindən hazırlanmışdır. Sərgi ilə BURADAN tanış ola bilərsiniz. 


Bugün: 658
Dünən: 835
Bu həftə: 3935
Son həftə: 4759
Bu Ay: 13766
Son Ay: 20754
Bu İl: 79067
Ümumi: 1099488
1099488