Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Qərbi Azərbaycan mahalları və İrəvan şəhəri ilə əlaqədar 152 saxlama vahidi fotosənəd Dövlət Kino-Foto Sənədləri Arxivinə təhvil verilib.


  Filologiya üzrə fəlsəfə doktoru, Folklor İnstitunun  Qorqudşünaslıq şöbəsinin aparıcı elmi  əməkdaşı Əziz  Ələkbərli tərəfindən daim saxlanmaq məqsədi  ilə  Qərbi Azərbaycan  mahalları və İrəvan şəhəri ilə əlaqədar 152 saxlama vahidi fotosənəd Dövlət Kino-Foto Sənədləri Arxivinə təhvil verilib. 

 Tarix üçün əhəmiyyəti olan bu fotosənədlərin məzmununda İrəvanxanlarının, xanzadələrinin, onların ailələrinin, İrəvan şəhərinin məşhur məhəllələrinin, Qərbi  Azərbaycan torpaqlarında  olan tarixi  memarlıq abidələrinin, görkəmli dövlət adamlarının, tanınmış ziyalılarının nadir şəkilləri əks etdirilir. 

  Foto və  kinosənədlərin  arasında  hicri 1144-cü ildə  3-cü Şah Abbas Səfəvi adına basılmış pul  sikkələrinin fotoları, İrəvan Qalası uğrundakı döyüşlərdə istifadə olunan  atıcı silah nümunələrinin şəkilləri, İrəvan xanlığının bayrağının, İrəvan qalasının açarlarının, İrəvan şəhərinin məşhur məhəllələrinin fotoları  var.

  Fotosənədlərdə İrəvan xanı Hüseynqulu xanın, İrəvan xanzadələrindən Əbülfətih xan Bağırxan oğlunun, Musa xan Cavad Ağa oğlunun şəkilləri, Türkmənçay müqaviləsinin fotosurəti, İrəvan şəhərinin vitse-qubernatoru İsmayıl bəy Qazıbəyovun, Zəngibasar mahalından 1948-1953-cü illərdə əhalinin deportasiyası ilə bağlı  köçürülmə  biletləri, İrəvan yaxınlığındakı Cəfərabad kəndində Çuxur-Səd əmiri Əmir Səidin məzarı üzərində oğlu Pir Hüseyn tərəfindən 1413-cü ildə ucaldılmış məşhur Cəfərabad türbəsinin müxtəlif görüntüləri əks olunub.

  Hal-hazırda Arxivə daxil olmuş fotosənədlərin Milli Arxiv Fonduna qəbulu rəsmiləşdirilir.Hər bir sənədin qısa məlumat bazası hazırlanır.

 


Bugün: 450
Dünən: 443
Bu həftə: 450
Son həftə: 3361
Bu Ay: 7409
Son Ay: 13885
Bu İl: 72275
Ümumi: 184894
184894